1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BTC Ceyhandan 100-cü tankeri yola salır

BTC Ceyhandan 100-cü tankeri yola salır

Tarix:
6 Fevral 2007

 

Operatoru BP olan BTC Türkiyədə Ceyhan terminalında 100-cü gəminin neftlə yüklənməsini qeyd etmişdir. “Nok Şin” adlanan yüzüncü tankerə bir milyon bareldən çox neft yüklənmişdir və neftin yüklənməsi 26 saat çəkmişdir.

 

 

Son bir neçə gündə BTC bir sıra digər nailiyyətlər əldə etmişdir: dünən, bazar ertəsi, fevralın 5-də 600.000 bareldən çox neft ixrac etmişdir ki, bu da indiyədək ən yüksək gündəlik məhsuldarlıqdır; eləcə də bu yaxınlarda Ceyhan terminalına iki milyon barel tutuma malik ilk tankeri yan almışdır. BTC sisteminin ötürücülüyü artdıqca terminala bu növ gəminin daha müntəzəm gəlməsi gözlənilir.

BTC-nin direktoru və BP-nin qurudakı istismar əməliyyatları üzrə vitse-prezidenti Rəşid Cavanşir deyir: “Boru kəməri qrupu tərəfindən son bir neçə gündə əldə olunmuş bu qeyri-adi nailiyyətlər təsdiq edir ki, BTC durmadan öz qarşısına qoyduğu məqsədə - Xəzərdən dünya bazarlarına gündə bir milyon barel neft ixrac edən boru kəməri olmağa doğru irəliləyir. Dünən nail olduğumuz 600.000 barel gündəlik həcmlə biz bu məqsədə doğru qətiyyətli irəliləyiş edirik. Mən öz təbriklərimi çatdırmaq və göstərdiyi səylər bu uğurun əldə olunmasına əsas verən hər kəsə təşəkkür etmək istəyirəm.”

 

Keçən ilin may ayının axırında boru kəmərinin neftlə doldurulması tamamlanandan bəri kəmərin obyektləri və nasos stansiyaları işə salındıqca BTC-nin ötürücülük gücü ardıcıl olaraq artmışdır. 2006-cı ilin iyun ayında Ceyhandan neftlə yüklənmiş ilk tanker yola salınandan bəri BTC ilə 73 milyon barel (9,8 ton) xam neft ixrac olunmuşdur. Bu boru kəməri ilə hazırkı neft ixracı nəzərdə tutulan göstəricini qabaqlayır və kəmər 2008-ci ilin sonunda gündə bir milyon barel (ildə təqribən 50 milyon ton) neft ötürmək planını qoruyub saxlayır.


Bu boru kəməri ilə ilkin olaraq yalnız Azəri-Çıraq-Günəşli nefti daşınsa da, Şahdəniz yatağından əldə olunmuş ilk kondensat bu ilin yanvar ayında bu boru xəttinə vurulmuşdur. Gözlənilir ki, gələcək həcmlər 2007-ci ilin sonunda Xəzərin o biri sahilindən gəlməsi mümkün olan həcmləri əhatə edəcək.

 

 

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Amerada Hess (2,36%) şirkətləridir.

 

 

Redaktorlar üçün qeydlər:

 

BTC nefti Ceyhanda ilk tankerə 2006-cı il iyunun 4-də yükləmişdir. Bu, BTC boru kəməri ilə Azərbaycan neftinin dünya bazarlarında Türkiyə boğazlarından yan keçməklə ixrac olunmasının başlanğıcını bildirir. Boru kəmərinin uzunluğu 1.076 kilometr olan Türkiyə hissəsinin, Ceyhan terminalının və tam BTC sisteminin rəsmi açılışı 2006-cı il iyulun 13-də keçirilmişdir.

 

 

1.768 km uzunluğunda BTC boru kəməri Xəzərdən gündə bir milyon barel neftin, onsuz da nəqliyyatı çox sıx olan Türkiyə boğazlarından keçən tankerlərin sayını artırmadan, təhlükəsiz və məsuliyyətlə ixrac edilməsinə imkan yaradacaq.

 

 

Bu boru kəmərində diametri 46/42/34 düymlük borulardan istifadə edir. Kəmərin hər üç tranzit ölkə boyunca səkkiz nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Boru kəməri 1500-dən artıq çayla kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi 2.800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.

 

 

BTC regiona əhəmiyyətli faydalar gətirməklə müsbət dəyişikliklər edəcək dünya səviyyəli bir layihədir. Bosfor boğazından yan keçməklə kəmər neftlə bağlı nəqliyyatın labüd artımının qarşısını alacaq və bununla əlaqədar ətraf mühit risklərini azaldacaq, tranzit ölkələri üçün sanballı gəlirlər yaradacaq və Azərbaycan, Gürcüstan, Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

 


Daha ətraflı məlumat üçün müraciət edə bilərsiniz:

BP-nin Bakıdakı mətbuat ofisindən Tamam Bayatlı, tel. (+994 12) 599 4557
Ankaradakı mətbuat ofisindən Murat Lekompte, tel. (+90 216) 571 20 02