SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) BP Azərbaycanın iştirakı və maliyyəsi ilə yerli mühəndislərin inkişafına töhfə olan “Mühəndislər üçün biznes təhsili” kursuna start verildi. Bu proqram Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrasiya olunması üçün şərait yaradılacaq.
Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Kursun tədris planı səkkiz əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Azərbaycanda öz sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət seçmiş bir şirkət kimi, BP üçün bu çox əhəmiyyətli bir layihədir. Bu layihə vasitəsilə biz universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik. Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək. Bu, həmçinin bizim üçün də gözəl bir imkandır ki, SOCAR və BANM ilə sıx əməkdaşlıq edərək ölkəyə yüksək keyfiyyətli yerli mühəndislərin yetişdirilməsində yardım edək.”
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi SOCAR-ın strukturunda yaradılanda qarşımızda qoyulan məqsəd müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması olub. SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub. Bu gün bizdə ölkəmizin ən parlaq zehinli gəncləri təhsil alır. Ötən il minimal qəbul balı 662 olmuşdur. Bu ildə isə biz ilk məzunlarımızı yola saldıq. Onlar hamısı aparıcı şirkətlərdə işlə təmin olunub. SOCAR tərəfindən əsası qoyulmuş bu uğur hekayəsinə başqa şirkətlər də qoşula bilər. Bu gün biz uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqramın sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər.”
Layihənin müddəti 11 aydır (fevral – dekabr 2018) və ümumi dəyəri 180000 ABŞ dolları təşkil edir.
Redaktorlar üçün qeydlər:
Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.
2017-ci ildə BP bir şirkət kimi ayrılıqda Azərbaycanda sosial layihələrin sponsorluğuna 2 milyon dollar xərcləmişdir. Bundan əlavə, ötən il BP və onun Azəri-Çırag-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları birlikdə Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.
SOCAR-ın Azərbaycan üzrə sosial xərcləri 2016-cı ildə 148 milyon manat təşkil etmişdir. Ölkə rəhbərliyinin müəyyən etdiyi strateji kursa uyğun olaraq, şirkətin sosial fəaliyyətində gənclərin elmi və təcrübi inkişafına dəstək xüsusi yer alır. Bakı Ali Neft Məktəbini təsis etməklə yanaşı SOCAR ölkədə beynəlxalq səviyyəli orta məktəb təhsilinə də dəstək verir. SOCAR-ın peşə təlim kurslarında 100 minə yaxın vətəndaş iştirak edib. Ali məktəblərdə tələbələrin həvəsləndirilməsi məqsədi ilə SOCAR-ın Daxili və Xarici Təqaüd Proqramları həyata keçirilir. SOCAR-ın hər il keçirilən ödənişli yay təcrübəsi proqramı da gənclər arasında böyük rəğbət qazanmışdır. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-dən çox gənc SOCAR-ın peşə təlimi mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında çalışmaq imkanını qazanmış, mənzillərlə təmin edilmişlər.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili idarəsi
Telefon: (+994 12) 521 02 74
BP-nin Bakı ofisindəki mətbuat xidməti
Telefon: (+994 12) 599 45 57