1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Cənubi Qafqaz Boru Kəmərinin istismar sınaqları başlandı

Cənubi Qafqaz Boru Kəmərinin istismar sınaqları başlandı

Tarix:
1 İyun 2006

 

BP Cənubi Qafqaz Boru Kəməri (CQBK) qaz ixracı layihəsinin texniki operatoru olaraq CQBK tərəfdaşları adından məmnunluqla bildirir ki, layihə Səngəçal terminalından başlayaraq yeni qaz ixracı sistemini qaz ilə doldurmaqla onun yoxlanılmasına və istismar sınaqlarına başlamışdır. Bundan əvvəl boru kəmərinin tikintisi və hidro sınaqları başa çatmışdı. Bu hadisə ilk qazı 2006-cı ilin üçüncü rübü ərzində bazara çatdırmaq planımızın yerinə yetirilməsi yönümündə mühüm bir addımdır.

 

Səngəçal terminalından CQBK-yə mayın 21-də istismar sınağı üçün daxil edilmiş qaz Gürcüstan sərhədini mayın 28-də keçmişdir və hazırda Qardabani yaxınlığında Gürcüstanın ölkədaxili qaz təhvili məntəqəsi olan 72-ci sahəyə çatmışdır. Obyektlərin və avadanlığın təzyiq və istismar sınaqları hazırda davam edir. CQBK-nin Gürcüstan-Türkiyə sərhədinə qədər qalan hissəsinin istismar sınaqları avqust ayında, qazın Səngəçal terminalının texnoloji emal qurğularına və Şahdəniz qaz hasilatı platformasına qədər çəkilmiş sualtı boru kəmərlərinə vurulmasından sonra başlayacaq.

 

Şahdəniz platformasından Səngəçal terminalınadək və oradan da Gürcüstan-Türkiyə sərhədinə qədər bütövlüklə Şahdəniz/CQBK qaz ixracı sisteminin istismar sınaqları üçün təxminən 0,1 milyard kubmetr qaz tələb olunacaq. Xəttin istismar sınaqları üçün istifadə olunan qaz Azəri-Çıraq-Günəşli yatağından gələn və ARDNŞ-yə məxsus səmt qazıdır.


CQBK layihəsi Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər yeni bir qaz ixracı sistemini əhatə edir. Bu, uzunluğu 690 kilometrdən artıq olan (Azərbaycanda 442 kilometr və Gürcüstanda 248 kilometr) bir boru kəməridir. Bu kəmər ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi məqsədilə BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru kəmərinin diametri 42 düymdür və onun son ötürücülük gücü gələcəkdə kompressor stansiyalarının əlavə olunması ilə ildə 20 milyard kubmetr olacaq. Əsas xəttin tikintisi işləri 2004-cü ilin sonlarında başlamış və 2006-cı ilin mayında başa çatmışdır.

 

CQBK də BTC kimi bütün uzunluğu boyunca torpağa basdırılmışdır. Çoxqatlı mühafizənin təmin olunması və kəmərin ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün CQBK-nin tikintisinə müxtəlif dizayn və təhlükəsizlik texnikası xüsusiyyətləri daxil edilmişdir. Bundan əlavə, boru kəmərinin texniki təhlükəsizliyini, mühafizəsini və bütövlüyünü təmin etmək üçün həm hökumət, həm də CQBK istismar işçiləri heyəti tərəfindən müntəzəm təhlükəsizlik patrulu xidməti aparılacaq, CQBK boru kəmərinin texniki mütəxəssisləri tez-tez texniki xidmət yoxlamaları həyata keçirəcəklər.

 

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ – 10%), LUKoyl (10%), NİKO (10%), Total (10%), TPAO (9%). Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi maliyyələşdirmədən azad səhmdardır.


Redaktorlar üçün qeydlər: Şahdəniz nəqletmə layihəsi yeni bir qaz ixracı sistemindən – Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) ibarətdir. Bu kəmər Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər uzanır. CQBK uzunluğu 690 kilometrdən artıq olan (Azərbaycanda 442 kilometr və Gürcüstanda 248 kilometr) bir boru kəməridir, ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru kəmərinin diametri 42 düymdür. Fiziki tikinti işləri 2004-cü ildə başlanmış və vaxtında başa çatdırılmışdır və bu, ilk qazın 2006-cı ilin sentyabrın sonunadək Türkiyəyə çatdırılmasına hazır olmaq üçün istismar sınaqlarının may ayında başlanmasına imkan yaratmışdır.

 

Qaz ixracı layihəsi üçün ümumi sərmayə qoyuluşu təxminən 1,3 milyard dollardır və bu sərmayəni Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBKŞ) qoymuşdur. CQBKŞ-nin maliyyə səhmdarlarının Şahdəniz HPBS-də eyni iştirak payı var.

 

CQBKŞ-nin ikili operatorluğu var. BP texniki operator olaraq CQBKŞ obyektlərinin tikintisinə və istismarına cavabdehdir. Statoyl isə kommersiya operatoru olaraq CQBKŞ-nin biznes inkişafı və inzibati işlərinə cavabdehdir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57