1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Dərinsulu Günəşli yatağında sonuncu üst modullar uğurla quraşdırılmışdır

Dərinsulu Günəşli yatağında sonuncu üst modullar uğurla quraşdırılmışdır

Tarix:
24 Sentyabr 2007

 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluqla bildirir ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının dərinsulu Günəşli hissəsində Faza 3 hasilat, kompressor, suvurma və texniki təchizat (HKSTT) platformasının üst modulları 20 sentyabr 2007-ci tarixində uğurla və təhlükəsiz şəkildə dənizdə dayaq bloku üzərində oturdulmuşdur. Bundan sonra həmin üst modullar körpü ilə daha əvvəl quraşdırılmış qazma, texniki təchizat və yaşayış platformasının üst modullarına birlədirilmişdir.

 

12.860 ton ağırlığında bu üst modullar sentyabrın 19-da Bibiheybətdəki Amek-Tekfen-Azfen (ATA) tikinti-quraşdırma sahəsindən dənizə yola salınmışdı. Bu obyekt 2007-ci il sentyabrın 9-dan dənizə yola salınmaq üçün hazır idi, əlverişli hava şəraitini gözləyirdi.

 

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%).

 

HKSTT platformasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş dayaq bloku da mayın 13-də tikinti-quraşdırma sahəsindən dənizə yola salındı və dənizdə Dərinsulu Günəşlidəki daimi yerində quraşdsırldı. Bu dayaq blokunun hündürlüyü təxminən 190 metrdir.

 

HKSTT platforması Günəşli yatağının dərinsulu hissəsində suyun dərinliyi 175 metr olan ərazidə qazma, texniki təchizat və yaşayış platformasının yaxınlığında yerləşir. HKSTT platformasının üst modullarının dənizdə quraşdırılması Dərinsulu Günəşli dəniz yatağının işlənməsinin tikinti mərhələsinin başa çatdığını bildirir.

 

Günəşli yatağının dərinsulu hissəsindən ilk neftin 2008-ci il ərzində hasil olunması planlaşdırılır. Bu isə son nəticədə Azəri-Çıraq-Günəşli üzrə dəniz obyektlərinin gündəlik neft hasilatı gücünü ümumilikdə bir milyon bareldən artıq səviyyəyə qaldıracaq.

 

BP-nin iri layihələr üzrə vitse-prezidenti Bryus Luberski demişdir: “Bu üst modulların quraşdırılması az qala yeddi il çəkmiş və AÇG yataqlarının tammiqyaslı işlənməsi üçün dünya səviyyəli altı dəniz platforması ilə nəticələnmiş beynəlmiləl tikinti səylərimizi tamamlayır. Biz fəxr edirik ki, bu hadisə AÇG müqaviləsinin imzalanmasının ildönümü günündə sentyabrın 20-də baş verdi və “Neftçilər günü”nü qeyd etmək üçün əla hədiyyə oldu.

 

Bundan əlavə, tikinti proqramına ümumi uzunluğu 1200 kilometrdən artıq olan 20 sualtı boru kəmərinin çəkilməsi və dəniz yataqlarından əldə etdiyimiz neft və qazı qəbul edə bilməyimiz üçün Səngəçal terminalının əhəmiyyətli şəkildə genişləndirilməsi daxil idi. Bütün bunlar minlərlə insanın əməyin təhlükəsizliyi şərtlərinə tam sadiq olmasını və bu böyük layihə qarşısında öhdəlik götürməsini tələb edirdi. Mən çəkdikləri gərgin zəhmət üçün o insanların hamısına təşəkkür etmək istərdim, bu, son nəticədə bizə imkan yaradır ki, gələn ildən başlayaraq gündə bir milyon bareldən artıq neft hasil edək.”

 

Maraqlananlar üçün fotoşəkillər var.

 

Redaktorlar üçün qeydlər:


AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza 1 layihəsi idi – Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ildə hasilata başlamış Qərbi Azərini və 2006-cı ilin oktyabr ayında istismara verilmiş Şərqi Azərini əhatə edib. AÇG Faza 3 – Dərinsulu Günəşli layihəsi 2008-ci ildə hasilata başlamaq gözlənilir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57