BP öz tərəfdaşları adından bu gün Bakıda “Ən yaxşı biznes” mükafatlarının ikinci il üzrə qaliblərini elan etmişdir. Bu, hər il keçirilən bir tədbirdir, Azərbaycanda sahibkarlığın inkişafı üçün təchizatçı və xidmət şirkətlərinin nəzərə çarpan töhfələrini qiymətləndirir.
2007-ci ildə mükafatlar keçən illə müqayisədə iki dəfədən artıq iştirakçı cəlb etmişdir, həmçinin “İlin icma sahibkarı” mükafatı da təsis edilmişdir. Bu yeni kateqoriya BP-nin İctimai Sərmayə Proqramı tərəfindən əsası qoyulmuş layihələrdən biri ilə başlayan və ya ondan faydalanan ən yaxşı davamlı biznesi qiymətləndirir.
İşgüzar ictimaiyyətin, hökumətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldıqları mərasimdə BP öz tərəfdaşları adından 2007-ci il üzrə “Ən yaxşı biznes” mükafatlarını beş kateqoriya üzrə aşağıdakı müəssisələrə və fərdlərə təqdim etmişdir:
“İlin gənc sahibkarı”: Eyvaz Mirzəyev. Bu mükafat öz biznesinə təzə və yenilikçi yanaşmaları uğurla tətbiq edən, yaşı 35-dək olan iş adamına verilir. Eyvaz sənaye, elektrik təchizatı və xidmət şirkəti olan “Münasib sənaye təchizatı LTD”-nin sahibidir və onu idarə edir. Cəmi 28 yaşı olan Eyvaz öz biznesini Böyük Britaniya, Norveç və ABŞ-dakı təchizatçılarla işləyərək yaratmışdır. O, artıq öz biznesini Gürcüstana və Qazaxıstana qədər genişləndirmişdir.
“İlin icma sahibkarı”: İcma biznes təşkilatı “İnsan inkişafı və davamlı gəlirlər” ictimai birliyi. Bu mükafat yerli səviyyədə iqtisadi inkişaf üçün nəzərə çarpan müsbət təsirə malik müəssisəyə verilir. “İnsan inkişafı və davamlı gəlirlər” ictimai birliyi Səngəçal yaxınlığındakı “Ümid” qaçqınlar qəsəbəsinin sabit və davamlı gəlir gətirən biznes yaratmış 34 nəfər sakinini bir araya gətirmişdir. Onlar terminal üçün iş əlcəkləri və digər məmulatlar istehsal edirlər.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə (SƏTƏM) iş icrası mükafatı: “Xəzər” qazma şirkəti (XQŞ). Bu mükafat əməyin təhlükəsizliyi və ətraf mühit üzrə iş icrasında əldə edilmiş görkəmli nailiyyətlərə görə təqdim edilir. Münsiflər qiymətləndirmişlər ki, XQŞ hər kəsin bir-birinin qayğısını çəkdiyi, hamının sağlamlığına və təhlükəsizliyinə səmimi şəkildə maraq göstərdiyi bir SƏTƏM mədəniyyəti yaratmışdır.
“Ən yaxşı işə götürən” : “İTS sınaq xidmətləri” şirkəti. Bu, Azərbaycanda çalışan beynəlxalq şirkətlər üçün açıq olan, eləcə də yerli şirkətlər üçün nəzərdə tutulan yeganə kateqoriyadır. Bu mükafat öz işçi heyətinin təcrübə və bacarıqlarının inkişaf etdirilməsinə həqiqi diqqət yetirən şirkətə verilir.
“İlin şirkəti”: Enkotek. Bu nüfuzlu mükafat il boyu görkəmli nəticələr əldə etmiş şirkətə verilir.
Bundan əlavə, BP üçün işlədiyi müddət ərzində yeni konsepsiyaların və texnikaların öyrənilməsi və tətbiq edilməsi sahəsində böyük çeviklik və bacarıq nümayiş etdirdiyinə görə SİAR araşdırma və məsləhət şirkətinə xüsusi qiymət verilmişdir.
BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder mərasim iştirakçılarına müraciətlə demişdir: “Qalib gələn şirkətlərin hər biri həqiqətən də ən yaxşı biznes: iş icrasına və intizama güclü diqqət yetirmək; işçi qüvvəsinin inkişaf etdirilməsinə öhdəlik; eləcə də yenilikçi olmaq və mütərəqqi düşünmək bacarığı nümayiş etdirir. Bunlar bizim ortaq olduğumuz dəyərlərdir və biz Azərbaycanda sağlam və güclü bir sahibkarlıq mədəniyyətinin yaranmasında rol oynamaq üçün eyni dərəcədə öhdəliyə malik daha artıq yerli və beynəlxalq şirkətlərlə işləməyi səbirsizliklə gözləyirik.”
Redaktorlar üçün qeydlər:
BP Azərbaycanda həyata keçirilən nəhəng neft və qaz işlənməsi və nəqli layihələrinin əməliyyatçısıdır və 2005-ci ildə öz qarşısına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini 2010-cu ilədək ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq üçün BP keçən il Bakıda Biznes İnkişaf Mərkəzini yenidən açmışdır ki, yerli kiçik və orta müəssisələrin inkişafına dəstək versin. 2007-ci ilin birinci rübündə 3-cü tərəflərə aid olan ümumi xərclərimizin 34%-ini ölkə daxilində sərf etmişik ki, bu ondan öncəki illə müqayisədə ciddi artımdır. Əməkdaşlıq etdiyimiz kiçik və orta müəssisələrin sayı da artmaqda davam edir – 2005-ci ildə biz 334 kiçik və orta müəssisə ilə çalışmışıqsa, müqayisədə 2006-cı ildə biz 444 yerli kiçik və orta müəssisə ilə çalışmışıq. Dövlət müəssisələri və Azərbaycan kapitalının iştirakı olan müəssisələr bu saya əlavə olunsa, bu rəqəm xeyli artır.
“Ən yaxşı biznes mükafatı” 2006-cı ildə öz tərəfdaşları adından BP tərəfindən yerli biznesin inkişafına göstərdiyimiz dəstəyin bir hissəsi olaraq təsis olunmuşdur. Mükafatlar sahibkarlıq bacarıqları BP-nin əməliyyatçı olduğu neft və qaz layihələrinin uğur qazanmasına töhfə vermiş və yerli biznes mühitinə uzunmüddətli müsbət təsirə malik görkəmli yerli və beynəlxalq şirkətlər və fərdi şəxslər üçün nəzərdə tutulur.
Bu təşəbbüslərin hərəkətverici qüvvəsi BP-nin Azərbaycanın davamlı iqtisadi inkişafı üzrə üzərinə götürdüyü öhdəlikdir. BP həmçinin Regional İnkişaf Təşəbbüsümüz, İctimai Sərmayə Proqramlarımız və təhsil sahəsində sponsorluğumuz vasitəsilə qeyri-neft sektorunun inkişafını ruhlandırmaq və Azərbaycan müəssisələrinin inkişafına dəstək vermək üçün bir sıra başqa təşəbbüslərin işlənməsi ilə ölkənin öz iqtisadiyyatını çoxsahəli etməsinə yardım göstərir.
Bu məqsədlə BP və tərəfdaşları həmçinin bu yaxınlarda təchizatçı müəssisələri maliyyələşdirmə mexanizmi fəaliyyətinə başlamışdır. Bu möhtəşəm təşəbbüsün məqsədi kiçik və orta müəssisələrin şəffaf maliyyə mənbələri ilə təchiz edilməsi vasitəsilə yerli biznesin inkişafını dəstəkləməkdir. Bu maliyyə mexanizmi BP-nin yerli podratçılarına əlavə 15 milyon dollar maliyyələşmə təmin edəcək.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57