Bu gün BP Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verdiyini elan etdi. İnnovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Yeni Fikir” startap müsabiqəsi keçirilir
Bu, 6-cı müsabiqədir və iki əsas məqsəd daşıyır – a) yeni ideyaların və layihələrin formalaşması və inkişafı; və b) mövcud startapların güclənməsi və təkmilləşməsi. Bu məqsədlərə nail olmaq üçün BP-nin maliyyələşdirdiyi layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, təlimlər və seminarlar kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. BP həmçinin müsabiqə iştirakçılarının komanda şəklində işləyərək yeni ideyalar formalaşdıra bilməsi və inkişaf edərək uğurlu startap layihələrinə çevrilə bilməsi üçün rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi də yaradacaq.
Müsabiqədə beş ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək və bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək və öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirəcək.
Bu gün Bakıda keçirilmiş müsabiqənin açılış mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanda BP-nin təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. Biz inanırıq ki, bu müsabiqə ölkənin innovasiya ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyaya meylli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradır. Yekun nəticədə bu layihənin yüksək texnologiyalara əsaslanan kiçik və orta sahibkarlıq səylərinə böyük təkan verəcəyini hesab edirik.
Gözlənilir ki, 400-dən çox iştirakçı arasından təxminən 150 startap müraciət edəcək. Yeni startapların və innovativ ideyaların cəlb olunmasına çalışmaqla yanaşı biz həmçinin mövcud uğurlu layihələrin daha da inkişaf etməsinə və öz səylərini kommersiyalaşdırmasına yardım edəcəyik. Bu məqsədlə xüsusi təlim proqramlarının keçirilməsi planlaşdırılır ki, bu proqramlar da startap komandalarının yeni yaradılmış İnkubasiya və Akselerasiya Mərkəzində birgə işləməsinə və öz innovativ konsepsiyalarını və layihələrini reallaşdırmaları üçün metodoloji əsaslandırılmış araşdırmaların və digər fəaliyyətlərin necə həyata keçiriləcəyini öyrənməsinə yardım edəcək.”
Layihənin dəyəri təxminən 118 000 AZN təşkil edir və layihənin müddəti səkkiz aydır (fevral-oktyabr 2019).
Redaktorlar üçün qeydlər
BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.
BP şirkəti 27 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.
Azərbaycanda BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.
BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı ilə əlaqə saxlaya bilərsiniz.
Telefon: (+994 12) 525 58 95