Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İcmalarda təmiz su təchizatı imkanlarının yaxşılaşdırılması

İcmalarda təmiz su təchizatı imkanlarının yaxşılaşdırılması

Tarix:
5 avqust 2025

bp Qusar rayonunun Avaran kəndində həyata keçirdiyi su təchizatı layihəsinin birinci mərhələsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.


Layihə bp-nin Azərbaycanda kənd icmalarında su şəraitini yaxşılaşdırmaq məqsədilə hazırda həyata keçirdiyi genişmiqyaslı su təchizatı proqramının bir hissəsidir. Bu proqram bp-nin qlobal məqsədi olan su qıtlığı yaşanan ərazilərdə özünün təmiz sudan xalis istifadəsini azaltmaq öhdəliyinə uyğundur. Şirkət bu məqsədə həm öz əməliyyatlarında sudan daha səmərəli istifadə etməklə, həm də digər tərəflərlə əməkdaşlıqda təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı planlaşdırır.


Avaran kənd icması üçün nəzərdə tutulmuş layihə çərçivəsində Qusar rayonunun Avaran kəndində 10,000 m³ tutuma malik membranla örtülmüş yeni su anbarı və 2,000 m³ tutumlu çöküntünün ayrılması hovuzu inşa olunub.


Layihəyə həmçinin yaxınlıqdakı Cəgər Cibir su kanalından suyu yeni tikilmiş anbara daşıyan 1.4 km uzunluğunda yeni boru xəttinin çəkilməsi daxildir. Yeni su təchizatı sisteminin tam və səmərəli işləməsi üçün lazım olan bütün digər infrastruktur da qurulub. Bura nasos və filtrasiya stansiyaları, su çənləri və layihədən faydalanacaq 125 ailənin yeni sistemə borular vasitəsilə birbaşa qoşulması daxildir.

 

Layihənin uğurla başa çatması münasibətilə Avaran kəndində keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: 

 

“Avaran kənd icmasının yeni yaradılmış su təchizatı sistemi vasitəsilə təmiz suya birbaşa çıxış əldə etməsinə dəstək verməkdən məmnunuq. Bu təşəbbüs kənd icmalarında su şəraitinin yaxşılaşdırılmasına yönəlmiş daha geniş öhdəliyimizin bir hissəsidir. Bu gün qeyd etdiyimiz layihə yerli icmalara və ekosistemlərə əhəmiyyətli faydalar gətirməklə bu öhdəliyimizin əhəmiyyətini bir daha vurğulayır.

 

Layihənin birinci mərhələsinin uğurundan ruhlanaraq, indi ikinci mərhələdən də uğurlu nəticələr əldə etməyə ümid edirik. Yeni mərhələdə daha 263 ailə təmiz su ilə təmin ediləcək. Hazırda ikinci mərhələ çərçivəsində işlər davam edir və bu mərhələnin 2025-ci ilin sonuna tam istifadəyə verilməsi planlaşdırılır.”

 

Ümumi dəyəri 810390 AZN (476700 ABŞ dolları) olan bu layihə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilib.


Redaktorlar üçün qeydlər


bp-nin Azərbaycanda su layihələri – kənd yerlərində su şəraitin yaxşılaşdırılması və dayanıqlılığın artırılması


bp Azərbaycanda kənd icmaları üçün genişmiqyaslı su təchizatı proqramı həyata keçirir. Bu proqram bp-nin qlobal məqsədi olan su qıtlığı yaşanan ərazilərdə özünün təmiz sudan xalis istifadəsini azaltmaq öhdəliyinə uyğundur. Şirkət bu məqsədə həm öz əməliyyatlarında sudan daha səmərəli istifadə etməklə, həm də digər tərəflərlə əməkdaşlıqda təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı planlaşdırır.


2023-cü ilin noyabr ayında başlanan bu proqramın 2026-cı ilin aprel ayında tamamlanması planlaşdırılır. Proqramın ümumi dəyəri 5 265 556 AZN (3 097 385 ABŞ dolları) təşkil edir.


Proqram üç əsas komponentdən ibarətdir:


1. Tovuzda kəhrizlərin bərpası

Bu layihə Tovuz rayonunda yerləşən və ənənəvi yeraltı su kanalları olan Dovşanlı və Məhəmmədəli kəhrizlərinin bərpasına yönəlib. Layihədən Aşağı Quşçu kəndinin 10,000-dən çox sakininin faydalanacağı gözlənilir.

Ümumi dəyəri 1 282 227 AZN (754 251 ABŞ dolları) olan bu layihə Puls-R MMC tərəfindən həyata keçirilir. 2023-cü ilin noyabrında başlanan layihənin 2025-ci ilin dekabrında tamamlanması gözlənilir.


2. Göyçay və Qusar su təchizatı layihələri

İki komponentdən ibarət bu layihə 2025-ci ilin iyun ayında uğurla tamamlanaraq hər iki icmada kənd təsərrüfatı və məişət məqsədli su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Göyçay üçün olan layihə 1 577 740 AZN (928 082 ABŞ dolları), Qusar (Avaran kəndi) üçün isə 810 390 AZN (476 700 ABŞ dolları) dəyərində olmaqla, layihənin ümumi dəyəri 2 388 130 AZN (1 404 782 ABŞ dolları) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilib.


Göyçay üçün olan layihə nəticəsində 100 hektardan çox torpaqların suvarılmasına imkan yaradılıb. Bu ərazilərə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna məxsus 83 hektar və yerli fermerlərə məxsus 15 hektar sahələr də daxildir. Yeni su sisteminin illik gücü 500,000 m³-dir.


Qusarın Avaran kəndi üçün olan layihə çərçivəsində 10,000 m³ tutumlu membranla örtülmüş su anbarı, 2,000 m³-lik çöküntünün ayrılması hovuzu və Cəgər Cibir su kanalına birləşdirilən 1.4 km uzunluğunda boru xətti inşa olunub. Bundan əlavə, nasos və filtrasiya stansiyaları, su çənləri və ev təsərrüfatlarının yeni su təchizatı sisteminə birbaşa qoşulması da daxil olmaqla əlavə infrastruktur qurulub. Layihədən 125 ailə birbaşa faydalanır.

 

3. İcma tərəfindən idarə olunan su layihələri

Bu təşəbbüs Kürdəmir, Yevlax, Goranboy və Samux rayonlarında həyata keçirilən 15 ayrı-ayrı su sistemləri layihəsini əhatə edir. Təşəbbüsdə məqsəd ümumilikdə təxminən 10,000 icma sakini üçün içməli su, suvarma və kanalizasiya sistemləri təmin etməkdir.


Ümumi dəyəri 1 595 200 AZN (938 352 ABŞ dolları) olan bu layihə Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə 2023-cü ilin noyabrında başlanıb və 2026-cı ilin aprel ayında başa çatacaq.


Bu günə qədər 15 icmadan 13-ündə işlər artıq tamamlanıb, qalan iki icmada isə işlərin layihə müddətinin sonuna qədər başa çatması planlaşdırılır.

 

Əlavə məlumat üçün:


bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95