1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İcmaların inkişafına töhfə

İcmaların inkişafına töhfə

Tarix:
14 Noyabr 2022

 

  • Aztəminatlı ailələrdən olan yüzlərlə uşaq üçün ali təhsil almaq imkanı;
  • İcmaların özlərinə etibarlı gələcək qura bilməsinə dəstək.

 

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından, ali təhsil müəssisələrinə yeni daxil olmuş 84 gəncin uğurunu qeyd etmək üçün tədbir keçirib. Onlar bp və tərəfdaşlarının altı ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsi üçün aztəminatlı ailələrdən seçilmiş və bir il həmin proqramda hazırlıq keçmiş gənclərdir.  

 

Bu layihə bp və tərəfdaşlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupa universitetə daxil olmaq üçün birillik geniş hazırlıq təlimləri keçilir. Bundan əlavə, layihə çərçivəsində iştirakçılara psixoloji dəstək verilir və onların cəmiyyətə inteqrasiyasına yardım göstərilir. Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən təxminən 500 aztəminatlı ailə bu layihədən faydalanıb.

 

Layihənin altı mərhələsi ərzində layihədə ümumilikdə iştirak etmiş 482 nəfərdən təxminən 409-u, iştirakçıların təxminən 85%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıb.

 

Builki mərhələnin 93 iştirakçısından 84 nəfəri uğurlu nəticə göstərib, belə ki, bunlardan 76 nəfəri universitetə və səkkiz nəfəri isə kollecə qəbul olunub. Təxminən 11 nəfər iştirakçı qəbul imtahanlarında 500-dən yuxarı balı toplayıb.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında demişdir:  

 

“Bu, yüzlərlə gənc və istedadlı insana öz inkişaf yolunu seçməyə və sevimli peşələrinə doğru ilk addımlarını atmağa kömək edən həqiqətən də davamlı bir layihədir.


"Bu layihənin böyük uğur qazanması üçün əməliyyatlarımızın yaxınlığındakı onlarla icma ilə sıx əməkdaşlıq edirik. Builki nəticələrdə əldə olunan 90%-lik müvəffəqiyyət göstəricisi bizi bu təşəbbüsü 2023-cü ildə də davam etdirməyə ruhlandırır. Həyata keçirdiyimiz altı uğurlu mərhələdən əldə etdiyimiz təcrübə sayəsində biz indi əminik ki, bu layihə bizim işlədiyimiz icmaların gələcəyinə əhəmiyyətli sərmayədir. Nə qədər çox yüksək təhsilli və yüksək ixtisaslı məzunlar öz icmalarına xidmət etsələr, onların gələcəyi bir o qədər parlaq və dayanıqlı olacaqdır.”

 

Layihənin altı mərhələsinin ümumi dəyəri təxminən 1,7 milyon AZN-dir (1 milyon ABŞ dolları) (altıncı mərhələyə xərclənmiş təxminən 375000 AZN (220600 ABŞ dolları) vəsait daxil olmaqla) və hər bir mərhələnin müddəti bir ildir.

 

Layihə “Build Your Future” MMC tərəfindən yerinə yetirilir.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. 


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95