1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Mühəndislik müəllimləri üçün səriştələrin təkmilləşdirilməsi imkanı

Mühəndislik müəllimləri üçün səriştələrin təkmilləşdirilməsi imkanı

Tarix:
18 mart 2021

Bu gün bp şirkəti Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU)  müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin  artırılması məqsədini daşıyan  bir layihənin uğurla tamamlandığını elan etdi. Bu layihə bp və tərəfdaşlarının yerli universitetlərdə  potensialın gücləndirilməsinə, o cümlədən tədrisin keyfiyyətinin artırılmasına göstərdikləri dəstək səylərinin bir hissəsidir.

Layihə nəticəsində təxminən 90 müəllim və 200 tələbənin bilik və səriştələri əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Onların arasından ən yüksək nəticə göstərmiş 18  müəllim dilin praktik tədrisi  və metodikası üzrə universitetdə müstəqil təlim keçmək  üçün seçilmişlər. Onlar bu layıhədən qazandıqları  peşəkar bacarıqlardan istifadə edərək   müəllim və tələbələr üçün   ingilis dili üzrə təlimlər keçəcəklər.

bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Baxmayaraq ki, ingilis dili Azərbaycanda neft-qaz mühəndisliyi üçün əsas bilik sahəsi deyil, o, beynəlxalq elmi mənbələrə  və neft-qaz  sahəsi üzrə zəngin ədəbiyyata birbaşa çıxış imkanı yaradır. Bundan əlavə, ingilis dili bilikləri ölkədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlarda və şirkətlərdə işə qəbul olma imkanlarını artırır. Layihəmizin möhtəşəm nəticələrini görməkdən məmnunluq duyuruq – təlim proqramını bitirən bütün iştirakçılar ingilis dili biliklərini ən azı bir səviyyə artırıblar. Lakin, ən önəmli nəticə ondan ibarətdir ki, universitet indi artıq ixtisaslaşmış təlimçilər qrupuna malikdir – bu potensial sayəsində universitet kənardan yardım almağa ehtiyac olmadan öz müəllim heyəti və tələbələri üçün ingilis dili biliklərinin təkmilləşdirilməsini müstəqil şəkildə həyata keçirə biləcək.”  

Layihə 2019-cu ilin may ayında birillik proqram kimi başlamışdı, lakin COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən proqramın tamamlanmasına daha uzun müddət tələb olunub.

Layihənin dəyəri təxminən 193 000 AZN-dir və o, “British Council” təşkilatı tərəfindən icra olunub.


Redaktorlar üçün qeydlər

Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində ölkədə görülən mübarizə tədbirlərinə yönəlmiş bp-nin 3 milyon ABŞ dolları həcmində dəstəyi də daxildir. Bu vəsait xüsusi olaraq ölkə xaricindən biokimyəvi və PCR laboratoriyalarının satın alınması, onların ölkəyə gətirilməsi və TƏBİB-in yeni klinikalarında quraşdırılmasına və eləcə də 100 000 PCR test dəstinin və əlaqədar sərfiyat materiallarının/reagentlərin və müstəsna yoluxma halları üçün nəzərdə tutulmuş 3 təcridetmə kapsulunun satın alınması və ölkəyə gətirilməsinə xərclənib. İanə edilən bu vəsaitin məqsədi xüsusən də ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etmək olub. Bundan əlavə, bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları ianə edilib.

Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95