Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev Qərbi Azəri yaşayış bloklu hasilat və qazma platformasına baş çəkib və BP-nin operatorluq etdiyi, bu yeni inşa edilmiş dəniz qurğusunun rəsmi açılışını edib.
Prezident platformada ekskursiya edib və rəhbər nümayəndələr və işçilər ilə görüşərək hasilat və qazma əməliyyatları üzrə hazırkı vəziyyəti və planları nəzərdən keçirib.
Prezidentə məlumat verilib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tammiqyaslı işlənməsinin bir hissəsi olan Qərbi Azəri platformasında neft hasilatı nəzərdə tutulmuş qrafiki dörd ay qabaqlamaqla 30 dekabr 2005-ci il tarixində başlayıb. Qərbi Azəri platformasında hasil olunan neft 3 yanvar tarixində sualtı boru kəməri vasitəsilə sahilə nəql olunaraq Səngəçal terminalına çatıb və bu, Faza 2 çərçivəsində ixrac əməliyyatlarının başlanması ilə əlamətdar olub.
Hazırda platformada hasilat üç qabaqlayıcı quyudan birincisində gündəlik təxminən 35000 barel debitlə həyata keçirilir. İkinci qabaqlayıcı quyu Prezidentin platformaya gəlişi münasibətilə bu gün istismara verilib. Qərbi Azəri platformasında hasilat 2006-cı il ərzində artacaq, belə ki, bu ilin sonunadək platformada növbəti qazma işləri başlamazdan əvvəl digər qabaqlayıcı quyular da işə düşəcək. Pik hasilat dövründə QA platformasında gündə 300000 barelədək hasilat olacaq.
Prezident İlham Əliyevi Qərbi Azəri platformasında salamlayan BP şirkətinin Azərbaycandakı prezidenti Deyvid Vudvord dedi: “2006-cı il BP şirkəti, tərəfdaşlarımız və Azərbaycan üçün çox önəmli bir il olacaq: biz Qərbi Azəri platformasında qrafiki dörd ay qabaqlamaqla ilin əvvəlində hasilata başladıq, ikinci rübdə biz Mərkəzi Azəri Kompressiya və Suvurma Platformasını işə salacağıq və Azərbaycan neftini dünya bazarlarına çatdırmaq üçün BTC ilə nəql edilən neft həcmlərinin Ceyhan terminalında ilk tankerə yüklənməsinin şahidi olacağıq, üçüncü rübdə biz Şahdəniz platformasından qaz hasilatına başlayacağıq və təxminən ilin sonunda ümid edirik ki, Şərqi Azəri platformasında qrafiki qabaqlamaqla hasilata başlayacağıq. Bu böyük nailiyyətlər uzun illər ərzində işləmiş on minlərlə insanın əməyinin bəhrəsidir. İşlərin xeyli hissəsi Azərbaycanda həyata keçirilib və ölkə daxilində cəlb edilmiş işçi qüvvəsinin 75%-dən çox hissəsi Azərbaycan vətəndaşları olub. Töhfə vermiş hər bir şəxsə təşəkkür edirik və hər kəsi təbrik edirik.”
Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin tərəfləri aşağıdakılardır: BP (operator – 34,1%), Unocal (10,3%), SOCAR (10%), INPEX (10,0%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtochu (3,9%), Amerada Hess (2,7%).
Redaktorlar üçün qeyd:
Qərbi Azəri platforması Bakıdan şərqə doğru 100km məsafədə, təxminən 118 metr dərinliyə malik sularda yerləşir.
Qərbi Azəri qurğuları 48 qazma şaxtasına malik Yaşayış Bloklu Hasilat və Qazma (YBHQ) platformasından və qurudakı Səngəçal terminalına birləşən 30” neft boru kəmərindən ibarətdir.
Qərbi Azəri platformasından hasil edilən neft yeni 30” sualtı boru kəməri vasitəsilə quruda yerləşən Səngəçal terminalına (üç yeni xam neft saxlama çəni də daxil olmaqla bu terminal genişləndirilib) nəql olunur.
Qərbi Azəri platformasından hasil olunan səmt qazı lay təzyiqini saxlamaq məqsədilə laya vurulması üçün və yaxud yanacaq kimi istifadə edilməsi üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə nəql olunaraq Mərkəzi Azəri yatağındakı Kompressiya və Suvurma Platformasına (KSP) göndəriləcək. Artıq qaz həcmləri mövcud sualtı qaz boru kəməri vasitəsilə Səngəçal terminalına ixrac ediləcək və oradan isə ölkə daxilində istifadə edilməsi üçün yeni qaz ixrac boru kəməri vasitəsilə Azəriqazın sisteminə ötürüləcək.
1994-cü ilin sentyabr ayında imzalanmış AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) Azəri-Çıraq-Günəşli Kontrakt sahəsinin 30 il müddətində işlənməsini nəzərdə tutur. Hesablamalara əsasən HPBS müddəti ərzində 5,4 milyard barel neft hasil ediləcək. Yataq bir neçə mərhələdə işlənilir: Çıraq yatağında İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən hasilata başlanılıb. Bunun ardınca Azəri Layihəsinin 1-ci fazasına başlanılıb – 2005-ci ilin əvvəlində Mərkəzi Azəri yatağında hasilata başlanılıb. Sonrakı fazalara aşağıdakılar daxildir: 2006-cı ilin əvvəlində hasilata başlamış Qərbi Azəri, Azəri Layihəsinin 2-ci fazası kimi 2007-ci ildə hasilata başlaması planlaşdırılan Şərqi Azəri və AÇG Faza 3 çərçivəsində artıq sanksiyalaşdırılmış və 2008-ci ildə hasilata başlaması gözlənilən Dərinsulu Günəşli.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: 994 (0) 12 599 4557