Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti məmnuniyyətlə elan edir ki, Qərbi Çıraq platformasının üst modulları sentyabrın 14-də Azəri-Çıraq-Günəşli yatağında təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılmışdır.
Bundan əvvəl sentyabrın 12-də üst modullar Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa olunduğu Bibi-Heybətdəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsindən uğurla yola salınmışdı. Üst mudulların dənizdə montajı və istismar sınağının bu ilin sonunadək başa çatacağı gözlənilir.
Üst modulların tikintisi 2010-cu ilin iyul ayında başlanıb və 2013-cü ilin iyul ayında başa çatıb. Bundan sonra isə quruda təqribən 2 ay qalan istismar sınaq işləri aparılıb. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə həyata keçirilib və bu işlərə sərf olunmuş təxminən 20 milyon adam/saat ərzində heç bir qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb.
Üst modulların tikintisində Xəzərdə ilk dəfə tətbiq olunan bir sıra yeni texnologiya və avadanlıqdan istifadə olunub ki, bu da uzun illər təhlükəsiz və etibarlı əməliyyatlar üçün yüksək standartları təmin edir.
Öz tamamlanmış 19500 ton çəkisi ilə Qərbi Çıraq platformasının üst modulları Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş ATA tikinti-quraşdırma sahəsində büsbütün ölkə daxilində inşa edilib.
Tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4000 nəfər insan cəlb edilib ki, bunun da 90%-ə qədəri yerli işçilər olub.
Redaktorlar üçün qeydlər
Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün planlaşdırılıb, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağı laylarının neft verməsini optimallaşdırmağa xidmət edəcək.
Qərbi Çıraq platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehiyatlardan istifadə etməklə büsbütün ölkə daxilində həyata keçirilib.
Yeni platformanın layihə gücü gündəlik 183 000 barel neft və 229 milyon standart kub fut qaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var.
AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).
BP şirkətinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz:
Tel.: (+994 12) 599 45 57.