1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. “Şirin Qızıl” layihəsi uğurla başa çatdı

“Şirin Qızıl” layihəsi uğurla başa çatdı

Tarix:
23 aprel 2021-ci il

bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarının 2017-ci ildə başladıqları “Şirin Qızıl” layihəsi uğurla başa çatmışdır. Layihənin məqsədi arıçılıq sahəsində ailə biznesləri yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılması idi.

 

bp və tərəfdaşlarının iri sosial  layihəsi olan “Şirin Qızıl” həmçinin seçilmiş icma üzvlərini öz təsərrüfatlarını qurmaq və idarə etmək üçün  lazımi resurslar və bacarıqlarla da təmin etmişdir. 


Bu gün Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bp şirkətinin yüksək vəzifəli əməkdaşları ilə birlikdə Samux rayonuna səfər edərək layihə çərçivəsində 110000 nektar ağacının əkildiyi əraziyə baş çəkmiş və dayanıqlı bal biznesi qurmuş bir sıra ailələrlə tanış olmuşdur. 


Səfər zamanı nazir Muxtar Babayev və bp şirkətinin yüksək vəzifəli əməkdaşları yerli hakimiyyət orqanlarının nümayəndələri və könüllülərlə birlikdə “Şirin Qızıl” lahyihəsi üçün 2000 nektar ağacı əkərək  “Yaşıl marafon” kampaniyasına  da öz töhfələrini vermişlər. 


“Biz fəaliyyət göstərdiyimiz bölgələrdəki icmalarda  insanlara dayanıqlı mənfəət və faydalar gətirməyimizlə fəxr edirik”, bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir, “Şirin Qızıl” layihəsində qarşıya qoyduğumuz məqsədlər tam həyata keçmişdir – kənd icmalarında insanlar üçün gəlir imkanları açılmış və yeni bacarıqlar yaradılmışdır. Həmçinin çox məmnunuq ki, bu layihə  ölkədə ağac əkmə və yeni meşələr salma hərəkatına əhəmiyyətli töhfə vermişdir. İnanırıq ki, layihə çərçivəsində yaradılmış bal meşəsi həm arıçılıq üçün bir nektar mənbəyi olaraq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli  dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək.” 


“Şirin Qızıl” nədir? 


Layihə boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvü üçün yeni gəlir imkanları yaradılmasını nəzərdə tutan bir-illik pilot təşəbbüsü kimi 2017-ci ildə başlanmışdır. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanları idi. 

Sonra layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadıldı. Layihənin üç il üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi əlavə olaraq daha 400 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110,000-dən çox nektar ağacı əkmək idi. 


Layihənin gətirdiyi dayanıqlı mənfəət və faydalar:

  • Ötən 4 il ərzində,  layihəyə təxminən 1,4 milyon dollar sərmayə qoyularaq  Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarından seçilmiş ailələrin öz şəxsi arıçılıq bizneslərinə başlamaları və onu idarə etmələri üçün lazımi resurslar təmin edilmiş  və bacarıqlar yaradılmışdır.
  • 530 ailə (2017-2020) arıçılıq təsərrüfatı üzrə avadanlıqlar, təlim və davamlı konsultasiya xidməti ilə təmin edilmişdir.
  • Həmin ailələrə 6000-dən çox arı qutusu verilmiş və onlar 2018-2020-ci illərdə öz arılarından təxminən 73 ton bal əldə etmişlər ki, bunun da ümumi satış dəyəri 800 000 dollarından artıq olmuşdur. 
  • Samuxda arıçılıq üçün 110 000 nektar ağacı əkilmiş və bununla da ölkədə ilk bal meşəsi salınmışdır.

 

Redaktorlar üçün qeydlər

Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində ölkədə görülən mübarizə tədbirlərinə yönəlmiş bp-nin 3 milyon ABŞ dolları həcmində dəstəyi də daxildir. Bu vəsait xüsusi olaraq ölkə xaricindən biokimyəvi və PCR laboratoriyalarının satın alınması, onların ölkəyə gətirilməsi və TƏBİB-in yeni klinikalarında quraşdırılmasına və eləcə də 100 000 PCR test dəstinin və əlaqədar sərfiyat materiallarının/reagentlərin və müstəsna yoluxma halları üçün nəzərdə tutulmuş 3 təcridetmə kapsulunun satın alınması və ölkəyə gətirilməsinə xərclənib. İanə edilən bu vəsaitin məqsədi xüsusən də ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etmək olub. Bundan əlavə, bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları ianə edilib.

Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95