1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Neft-qaz sənayəsində milliləşdirmə strategiyasına həsr olunmuş tədbir keçirilmişdir

Neft-qaz sənayəsində milliləşdirmə strategiyasına həsr olunmuş tədbir keçirilmişdir

Tarix:
5 dekabr 2018

 

 

İlin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərində işçi heyətinin 90%-ni milli kadrlar təşkil edəcəkRövnəq AbdullayevSOCAR-ın prezidenti

 

 

Dekabrın 5-də Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısı keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “BP Eksploreyşn”in prezidenti Qari Couns və digər rəsmi şəxslər iştirak etmişlər.

 

Toplantı iştirakçıları əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmini izləmişlər.

 

2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Ötən dövr ərzində SOCAR Azərbaycan Respublikasının dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparmış, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürmüşdür. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunmuşdur. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədi ilə beynəlxalq standartlara cavab verən beş Təlim Mərkəzi yaradıllmışdır. Milliləşdirmə proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.        

 

Tədbirdə çıxış edən Rövnəq Abdullayev demişdir: “Biz bu gün neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış möhtərəm Prezidentimiz qarşısında məruzə edirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini vermişdir. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə BP Eksploreyşn şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir.

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns demişdir: “Biz Azərbaycan Hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə  nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik.”      

 

Tədbirdə daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etmişlər. Çıxışlarda Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğu bildirilmiş, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağı vurğulanmışdır.

 

BP Azərbaycanda milliləşdirmə haqqında faktlar və rəqəmlər

 

Redaktorlar üçün qeyd:·        

 

  •  Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, 14 noyabr 2013-cü il tarixində Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin operatoru olan BP şirkəti ilə SOCAR arasında 5 illik (2014-2018)
  • “Milliləşdirmə sahəsində əməkdaşlığa dair” protokol, daha sonra milliləşdirmə istiqamətində aparılan işlərin daha səmərəli aparılması üçün 11 fevral 2014-cü il tarixində SOCAR və ƏƏSMN arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.·         
  • Milliləşdirmə sahəsindəki işlərin effektivliyinin artırılması üçün təkliflərin hazırlanması və bu sahədəki işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-ci il tarixli 124 nömrəli qərarı ilə SOCAR əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə Komissiyaya üzv qəbul edilmişdir.·         
  • BP Azərbaycan şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58%, 2013-cü ildə 77%, 2017-ci ildə 89%, 2018-ci ilin sonuna isə 90% təşkil edir.·        
  •  Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan “Şahdəniz-2”-nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfinin mühəndis texniki işçilər üçün 30-50%, fəhlə heyəti üçün 70% olmasına baxmayaraq, qeyd olunan layihə çərçivəsində ümumi işçi heyətinin 91%-i yerli kadrlardan komplektləşdirilmişdir.·         
  • BP-nin tərkibində Azərbaycanın dəniz və qurudakı yataqlarında işləyən 1150 milli mütəxəssis çalışır, onlardan 350 yüksək vəzifəli rəhbər işçi, 510 orta vəzifəli rəhbər işçi, 500 qadın milli kadr, 200 qadın yüksək və orta vəzifəli rəhbər işçi kimi fəaliyyət göstərir;·         
  • BP-nin Azərbaycanda Challenge proqramı çərçivəsində işə götürdüyü 300 nəfərin hər biri Azərbaycan vətəndaşıdır.·         
  • SOCAR və BP 2013-cü ildən bəri yüzlərlə milli kadrın Qərb universitetlərində ali təhsil almasına yardım etmişlər.

 

Əlavə məlumat üçün:

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi

Telefon: (+99412) 521-02-74; press@socar.az

Tamam Bayatlı, BP-nin Bakıdakı Mətbuat xidməti

Telefon: (+994 12) 525-58-95;E-mail:  bayatltf@bp.com