Baar, İsveçrə. Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başladı. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışmışdır.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
TAP-ın idarəedici direktoru Luca Schieppati belə şərh vermişdir: “Bu gün, uzunmüddətli perspektiv planlar gerçəkləşir! Mən ilk növbədə layihəyə cəlb olunmuş bütün insanların sədaqəti və fədakarlığı, səhmdarlarımızın, dəyər zənciri üzrə bütün hökumətlərin, Avropa İttifaqının, layihə üzrə çalışmış tədarükçü və podratçıların möhkəm inamı və qətiyyəti sayəsində gerçəkləşmiş bu nailiyyətə görə hədsiz qürur duyuram. Yeni nəqliyyat sistemi operatoru kimi, ən yaxşı sənaye praktikası və standartlarına uyğun işlənmiş və inşa edilmiş TAP iki cəhətdən diversifikasiya üçün imkan yaradır: kəmər yeni və davamlı enerji marşrutu və eyni zamanda gələn onilliklərdə Avropanın milyonlarla istehlakçısına qaz çatdıracaq etibarlı mənbədir.”
TAP Direktorlar Şurasının sədri Murad Heydərov əlavə etmişdir: “Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya əsas təbii qaz daşıyıcısı və hazırda enerji nəqlinin ən müasir və etibarlı sistemlərindən biridir. 3500 kilometrlik Cənub Qaz Dəhlizinin əsas komponentlərindən olan TAP özündə strateji və bazar rəqabəti xüsusiyyətlərini birləşdirir. Avropa İttifaqının inteqrasiya edilmiş enerji bazarına və davamlı, etibarlı və çoxşaxəli enerji istehlakı strukturuna nail olmaq kimi əsas hədəflərini dəstəkləyən, təmiz enerji nəqli istiqamətində davam edən axınlara töhfə verən layihə Avropanı daha bir tədarük mənbəyi ilə təmin edir.”
TAP layihəsinin icrası dövründə qeydə alınmış bəzi faktlar və rəqəmlər:
Mükəmməllik, insan amili, dürüstlük və məsuliyyət dəyərlərinə əsaslanan və "nəticəyə necə nail olmağımız nəticənin özü qədər vacibdir" şüarında əks olunan güclü bir korporativ mədəniyyətin qurulması.
TAP səhmdarları bp (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.
TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar vermişlər.
TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. 878 km-lik kəmər Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək, Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır.
TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır.
Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi, TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsiliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.
www.tap-ag.com | media@tap-ag.com
İngilis dilində media arayışları: media@tap-ag.com