1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Xəzər dənizində Qərbi Çıraq platforması hasilata başlayır

Xəzər dənizində Qərbi Çıraq platforması hasilata başlayır

Tarix:
29 yanvar 2014

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan BP şirkəti elan edir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlanmışdır. Qərbi Çıraq platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış olur.

 

Qərbi Çıraqdan hasilat 28 yanvar tarixində öncəqazma quyularından biri olan J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30” sualtı ixrac boru kəmərinə ötürüləcək və bu kəmərlə də Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Qərbi Çırağın hasilata başlaması nəhəng AÇG yatağının işlənlməsində əlamətdar hadisədir. Qərbi Çıraq bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək AÇG yatağından 2,3 milyard bareldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək. AÇG yatağının operatoru olan BP şirkəti və bizim tərəfdaşlarımız hasilatın optimallaşdırılması və yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə AÇG yatağından hasilatın sabitləşdirilməsi və yeni Qərbi Çıraq platformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır.

 

Fürsətdən istifadə edərək sualtı boru kəmərlərini, yeni platformanın dayaq blokunu və üst modullarını inşa etmiş və quraşdırmış, əksəriyyəti azərbaycanlı olan minlərlə insana ötən dörd il ərzində göstərdikləri fədakarlığa və mükəmməl nəticəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin hökuməti, tərəfdaşlarımızı, əməkdaşlarımızı, podratçıları, təchizatçıları və bu möhtəşəm nailiyyətdə rolu olan bütün şəxsləri də təbrik edirəm. Mən həmçinin təhlükəsiz şəkildə ilk neftin nail olunmasında AÇG üzrə layihə, qazma və əməliyyatlar qrupunun xüsusi əməyini vurğulamaq istəyirəm. Bu, Xəzər dənizində bizim planlaşdırma, tikinti və əməliyyatlar sahəsində sanballı təcrübəmizi davam etdirməyə qadir olduğumuzu bir daha göstərir.”


Qərbi Çıraq platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılmışdır. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.


AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).

 

Redaktorlar üçün qeydlər

 

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün xərclənib, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağında layların neft verməsini optimallaşdırmağa xidmət edəcək.

 

Qərbi Çıraq platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehiyatlardan istifadə etməklə büsbütün ölkə daxilində həyata keçirilib.

 

Əlavə məlumat üçün BP-nin

Bakı ofisinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 599 4557