1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. "Yeni Fikir VI" startap müsabiqəsinə yekun vurulub

"Yeni Fikir VI" startap müsabiqəsinə yekun vurulub

Tarix:
5 iyul 2019
Bu gün BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi baş tutub

 

Bu gün Bakı Biznes Mərkəzində "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib. Bu müsabiqə BP Azərbaycan şirkətinin maliyyə dəstəyi və Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi və Asan İnnovasiyalar Mərkəzi ilə tərəfdaşlıqda həyata keçirilib.

 

"Yeni Fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını dəstəkləyən və təşviq edən bir layihədir. Müsabiqənin əsas məqsədi startap ekosisteminə yeni biznes layihələrinin daxil olmasına kömək etmək və Azərbaycanda aparılan iqtisadi islahatların ən aktual istiqamətlərindən biri olan innovativ sahibkarlığın formalaşmasına dəstək verməkdir.

 

İndiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə toxum investisiya və inkubasiya xidmətləri də göstərilib.

Bu ilki müsabiqədə 118 layihə iştirak edib. Onlardan 36-sı yarimfinala, 12 layihə isə finala vəsiqə qazanıb.

 

"Yeni Fikir VI" müsabiqəsi çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına ümumilikdə 46 saat təlim keçilib və 271 saat mentorluq xidməti göstərilib.

Müsabiqənin finalında bu mərhələ üçün seçilmiş 12 startap layihəsi arasından ən perspektivli 5-i qalib elan olunacaq. 1-ci yerə layiq görülən layihəyə 8000 manat, 2-ci yer üçün isə 6000 manat maliyyə dəstəyi nəzərdə tutulub. Bu maliyyə dəstəyi həmin layihələrin əsasını təşkil edən biznes ideyasının kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf edilmək üçündür.

 

Qalib layihələrin inkişafına maliyyə dəstəyi verilməklə yanaşı, komandalar zəruri avadanlıqlarla da təmin olunacaq. Qalib komandaların inkişafı üçün onlara BMU-nun Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində işləmək şəraiti yaradılacaq.

 

Bu haqda daha ətraflı burada: INNOLAND iş məkanı


Redaktorlar üçün qeydlər

 

"Yeni Fikir VI" startap müsabiqəsi 2019-cu il martın 4-də elan olunmuşdu.
Bu haqda daha ətraflı məlumatı aşağıda göstərilən linkdəki press relizdən ala bilərsiniz:

 

BP Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək verir

 

Layihənin sponsoru olan BP şirkəti dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

 

BP şirkəti 27 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib. Azərbaycandakı fəaliyyəti dövründə BP və onun tərəfdaşlarının sosial sərmayə layihələrinə 83 milyon dollar vəsait xərclənib.

 

Hazırda BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçilərinin 90 faizini təşkil edir.

 

Əlavə məlumat üçün

BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95