1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Yerli “RT Servisiz” şirkəti ilə yeni müqavilə imzalanmışdır

Yerli “RT Servisiz” şirkəti ilə yeni müqavilə imzalanmışdır

Tarix:
1 Avqust 2006

 

Neft və qazın işlənməsi və nəql olunması üzrə Azərbaycanın iri layihələrinin operatoru kimi BP öz tərəfdaşları adından bu yaxınlarda Azərbaycana məxsus yerli bir xidmət şirkəti ilə daha bir iri müqavilə imzalamışdır.


“RT Servisiz Ltd” şirkəti təhlükəli maye tullantılarının təmizlənməsi xidmətləri üzrə müqaviləni almaq üçün BP-nin apardığı dörd aylıq ilkin seçmə və tender əsasında 26 iştirakçı (onlardan 18-i yerli şirkət və ya yerli biznes tərəfdaşları olan birgə müəssisələrdir) arasından seçilmişdir.

 

Bu, BP-nin “RT Servisiz” şirkəti ilə imzaladığı ilk birbaşa müqavilədir, bundan əvvəl həmin şirkətlə BP-nin birgə fəaliyyəti subpodratçı təşkilatlar vasitəsilə həyata keçirilmişdi. Müqavilənin müddəti bir il, ümumi dəyəri isə 900.000 ABŞ dollarınadəkdir. Bu yeni müqavilə BP və tərəfdaşlarının həm öz müqavilələrində iştirak edən şirkətlərin sayını, həm də yerli səviyyədə verilən müqavilələrin dəyərini artırmaq vasitəsilə yerli ehtiyatlardan istifadə olunmasını maksimuma çatdırmaq səylərinə tam uyğundur.

 

“RT Servisiz Ltd” şirkəti 2002-ci ildə Azərbaycan da daxil olmaqla Xəzər regionunda həm yerli, həm də xarici şirkətlərə tullantıların idarə olunması xidmətləri göstərmək üçün təsis olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu şirkətə sənaye tullantılarının (o cümlədən toksik tullantıların) idarə olunması xidmətləri göstərmək üçün bütün müvafiq lisenziyaları vermişdir.

BP-nin ətraf mühit məsələləri üzrə regional meneceri Namiq Abbasov deyir: “Daha bir ixtisaslaşmış yerli xidmət təminatçısı ilə işləmək imkanı əldə etməyimizdən çox məmnunuq. “RT Servisiz Ltd” şirkəti tullantıların məqbul standartlara uyğun idarə olunması xidmətlərini təmin etmək baxımından tələblərimizi tam ödəmək üçün bütün zəruri lisenziyalara malik təcrübəli bir şirkətdir.

 

“RT Servisiz” ilə birgə fəaliyyətə başlamağı səbirsizliklə gözləyirik və inanırıq ki, bu şirkət xarici şirkətlər ilə işləmək təcrübəsini, eləcə də həm yerli, həm də beynəlxalq xidmət bazarlarında yeni müqavilələr üçün rəqabət aparmaq standartlarını və bacarıqlarını nəzərəçarpacaq dərəcədə artıracaqdır.”


Redaktorlar üçün qeydlər:


Neft və qazın işlənməsi və nəql olunması üzrə Azərbaycanın iri layihələrinin operatoru kimi BP tərəfdaşları adından qarşıya Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq kimi yeni bir böyük məqsəd qoymuşdur. BP-nin məqsədi 2010-cu ilə qədər hər il yerli şirkətlər vasitəsilə xərclənən vəsaiti 500 milyon dollardan yuxarı bir məbləğə çatdırmaqla kiçik və orta müəssisələr, eləcə də yerli birgə müəssisələr vasitəsilə ildə əlavə 250 milyon dollar xərcləməkdir.

 

Bu məqsədə çatmaqdan ötrü BP və tərəfdaşları yerli şirkətləri dəstəkləmək və onları BP-nin layihələrində iştirak etməyə ruhlandırmaq üçün Bakıda Biznes İnkişaf Mərkəzini açmışdır. BP və tərəfdaşları həmçinin Azərbaycana ölkənin hər yerində iqtisadiyyatın çoxsahəliliyini genişləndirməyə kömək məqsədilə bir sıra planların hazırlanması, eləcə də qeyri-neft sektoruna marağın artırılması və sahibkarlığın inkişafını dəstəkləmək üçün iş aparırlar. Digər təşəbbüslərlə birlikdə bu, yerli biznes fəaliyyətlərinin dəstəklənməsində yenilikçi və şəffaf təcrübələr yaradılmasına kömək deməkdir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57