Boru kəmərinin uzunluğu 1768 kilometrdir:
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunmağa davam edir.
2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Ko) tərəfindən tikilib.
Bütün 1768 km-lik uzunluğu boyu yerə basdırılmış boru kəmərinin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ Interneşnl Limited (BIL) şirkətidir.
Boru kəmərinin diametri Azərbaycanda və Türkiyədə əsasən 42 düymdür. Gürcüstan ərazisində boru kəmərinin diametri 46 düymdür. Boru kəmərinin diametri Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə 34 düymədək azalır.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
BTC boru kəməri Azərbaycanda 13 rayon – Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonlarından; Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir..
2022-ci ilin mart ayında BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
2025-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənmiş və yola salınmışdır.