6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulmuşdur.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma üçün boru xətti də olacaq.
ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
ACE platformasının dayaq bloku
ACE dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.
Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir hadisəyə yol vermədən 3 milyon iş saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb. 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.
İlin ilk altı ayı ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.
Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatmışdır. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.
Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.
Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.
“BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində BDÖZ-də tikilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb olunub və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
ACE platformasının üst modulları
ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən inşa edilib.
Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.
May ayının 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlandı.
İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.
Avqust ayının 7-də Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salındı.
Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmışdı və bu işlər dörd günə tamamlandı. Üst modullar mart ayından bəri suyun 137 metr dərinliyində quraşdırılmış ACE platformasının dayaq blokunun üzərinə yerləşdirilib.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün ilk quyunun qazılmasına başlanacaq.
ACE sualtı boru kəmərləri
ACE layihəsinə qaz, neft və suvurma ixrac boru kəmərləri də daxildir, və onların hamısı artıq dəniz dibində quraşdırılıb. ACE boru kəmərlərinin uzunluğu 6 ilə 12 kilometr arasında dəyişir və bunlar mövcud AÇG sualtı ixrac boru kəmərlərinə birləşir.
İlin birinci yarısında həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanmışdır. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirmişdir.
Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatmışdır.
ACE üst modullar blokunun tikinti prosesi
ACE qazma modulunun qaldırma və sürüşdürmə əməliyyatı
ACE platformasının üst modulları dənizə yola salınması