Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz
  5. Regionun enerji xəritəsini dəyişən layihə

Regionun enerji xəritəsini dəyişən layihə

Azərbaycan ən qədim neft istehsal edən ölkədir və neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin etmişdir.

 

Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra onun enerji təchizatı coğrafiyası nəhəng Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsi və xüsusilə də Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycan  öz yeni neft erasında artıq otuz ilə yaxındır ki, təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir.

 

21-ci əsrdə isə Azərbaycanın enerji sənayesi nəhəng Şahdəniz yatağında aşkar edilmiş təbii qaz ehtiyatları sayəsində sürətli inkişafına davam etmişdir.

 

Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) 30 il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda SOCAR və bir qrup xarici şirkət arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.

 

Şahdəniz üzrə HPBS-nin imzalanması və Şahdəniz perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına əlavə irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. Şahdəniz yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni həm də qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. 2020-ci ilin dekabrında bütövlükdə işə salınan Cənub Qaz Dəhlizi sayəsində isə Azərbaycanın enerji ehtiyatları birbaşa Avropa bazarlarına çıxdı. Bununla da Azərbaycan  Avropaya irihəcmli qaz təchizatçısına çevrildi.

 

Şahdəniz üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılmışdır. 

 

Şahdəniz üzrə iştirak payları belədir: “bp” (operator – 29,99%), “LUKOIL” (19,99%), “TPAO” (19,0%), Cənub Qaz Dəhlizi (16,02%), “NICO” (10,0%) və “MVM” (5.00%).

Şahdəniz yatağı

Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Yataq Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.

 

Şahdəniz 140 kvadrat kilometrdən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.

 

1997-2001-ci illər ərzində Şahdəniz strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz kondensat yatağı olduğunu təsdiq etdi. 

 

Şahdəniz yatağının işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında Şahdəniz üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə yekun qərar verdilər. Həmin mərhələdə apstrim və midstrim infrastrukturunun yaradılması, o cümlədən bir platformanın və onu Səngəçal Terminalına birləşdirəcək sualtı boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası nəzərdə tutulurdu.

 

2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri Şahdəniz Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.

Şahdəniz 2

Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi, yəni Şahdəniz 2, 2013-cü ildə təsdiqləndi. Şahdəniz 2 dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturdur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.

 

Dənizdə Şahdəniz 2 layihəsi 26 sualtı quyu, ümumilikdə 500 km uzunluğunda sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş iki yeni platformadan ibarətdir. Qaz 85 km-lik boru kəməri ilə quruya - əlavə qaz həcmlərini qəbul etmək üçün genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində həmçinin CQBK ixrac sistemi də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km olmaqla yeni boru kəməri və Avropayadək uzanan 3500 kilometrlik marşrut boyunca üç yeni kompressiya obyekti inşa edilmişdir.

 

Şahdəniz 2 layihəsi çərçivəsində hazırda ildə 17 milyard kubmetr qaz hasil olunur. Yatağın işlənməsinin birinci mərhələsi də daxil olmaqla Şahdənizdən ümumi hasilat hazırda ildə 27 milyard kubmetr qaz və gündə 80 000 bareldən çox kondensat təşkil edir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü gündə 76 milyon standart kubmetrdən və ya ildə 28 milyard kubmetrdən çoxdur. 

 

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.

Şahdəniz Kompressiya layihəsi

 

2025-ci ildə Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarı verilmişdir.

 

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsinin məqsədi yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.

 

Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

 

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

 

Hazırda layihə üzrə işlər təhlükəsiz şəkildə və qrafikə uyğun irəliləyir. Bu ilin birinci rübü ərzində ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib. İlkin polad və struktur komponentləri, o cümlədən sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.

 

Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Yerli imkanların genişləndirilməsi

Şahdəniz yatağının işlənməsi bir çox sahələrdə yerli bacarıqların və texnoloji imkanların artmasına təkan vermişdir.

 

Şahdəniz üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələri təkmilləşdirilmiş, o cümlədən Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda platforma tikintisi üzrə imkanlar genişləndirilmişdir. Şahdəniz 2 dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli tikinti sahələrində Azərbaycanın yerli resursları və imkanlarından istifadə edərək həyata keçirilmişdir.

 

Layihə ölkənin dəniz xidməti gəmilərinin imkanlarını da artırmışdır - layihə çərçivəsində istifadəyə verilmiş müasir "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq Şahdənizdə sualtı tikinti işlərini dəstəkləmək üçün inşa edilmişdir.

 

Şahdəniz layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində regiondakı insanlar üçün əhəmiyyətli məşğulluq imkanları təmin etmişdir. Şahdəniz 1 layihəsinin tikinti işlərində 5000-dən çox insan iştirak etmişdir. Şahdəniz 2 layihəsinin tikintisinin ən qızğın çağında Azərbaycan və Gürcüstanda ümumilkdə 30 mindən çox iş yeri yaradılmış və ümumi iş saatları 180 milyondan çox olmuşdur. Hazırda yerli tikinti-quraşdırma sahələrində davam edən Şahdəniz Kompressiya platformasının tikintisində də yerli resurslardan geniş istifadə edilir.

 

Tikinti və sonrakı istismar fəaliyyətini dəstəkləmək məqsədilə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilmişdir.

 

Şahdəniz layihəsinin yerli təchizat strategiyası yerli müəssisələrin potensialının artmasını stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətinə öz imkanlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün yüksək səviyyədə təchizat xidməti göstərməyə imkan vermişdir.

 

Layihə həmçinin sosial inkişaf və iqtisadiyyatın gücləndirilməsində Azərbaycanı dəstəkləmək məqsədilə yeni dayanıqlı inkişaf təşəbbüsləri üçün imkanlar yaratmışdır.