Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir.
Terminal Xəzər hövzəsində bp tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir.
Dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olur və terminaldan da səkkiz boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.
Səngəçal terminalı 688 hektardan çox bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP).
Terminalın İNL hissəsi Xəzərdəki Çıraq dəniz yatağından hasil edilən nefti texnoloji emaldan keçirmək, anbarlarda toplamaq və ixrac etmək üçün inşa edilmişdir. İNL terminalında hər birinin tutumu 25 500 barel olan 4 ədəd xam neft saxlama çəni var və terminal ildə 6 milyon tondan artıq xam nefti texnoloji emaldan keçirə, anbarlarda saxlaya və ixrac edə bilir.
Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) terminalın bir hissəsidir və o, Azəri-Çıraq-Günəşli yatağının Azəri və Dərinsulu Günəşli hissələrindən hasil olunan nefti və Şahdəniz yatağından hasil edilən qazı qəbul etmək, anbarlarda saxlamaq və texnoloji emaldan keçirmək üçün genişləndirilmişdir. Terminalda hər birinin tutumu 880 000 barel olan 3 xam neft çəni də daxil olmaqla bir sıra qurğular vardır.
Səngəçal terminalında eləcə də BTC boru kəməri üçün çox mühüm iki qurğu vardır: əsas nasos stansiyası və dipetçer otağı. Dispetçer otağı bütün boru kəmərinə nəzarət edir, problemləri aşkara çıxara bilir və hər üç ölkədə boru kəmərinin lazımi hissələrini təcrid edə bilir və ya fövqəladə halda qurğunun işini dayandırır.
Terminalın operatoru bp şirkətidir.
2025-ci ilin birinci yarısında AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Terminalda emissiyaların azaldılmasına doğru
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.