Shafag-Asiman
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) bp ilə SOCAR arasında 7 oktyabr 2010-cu il tarixində Bakıda imzalanıb.
Şəfəq-Asiman dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə suyun dərinliyi 650-800 metr olan bir ərazidə yerləşir. Blok Şahdənizdən 60 km, Səngəçal terminalından isə 145 km-lik məsafədə yerləşir.
2012-ci ildə Şəfəq-Asiman müqavilə sahəsində 3D seysmik məlumatların toplanması proqramı həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə başa çatıb, bundan sonra kəşfiyyat quyusunun qazılacağı yer seçilib və qazma işlərinin planlaşdırılması aparılıb.
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin yanvar ayının 13-də başlanmış və 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanmışdır. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilmişdir.
2023-cü ilin birinci yarısında ilk kəşfiyyat quyusundan əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyası başa çatmışdır.
3 iyun 2025-ci il tarixində bp, SOCAR və TPAO TPAO-nun Şəfəq-Asiman dəniz blokuna dair HPBS-yə qoşulmasına imkan verən bir neçə saziş imzaladılar.
TPAO-nun qoşulması ilə Şəfəq-Asiman layihəsini irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.