Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz
  5. Şahdəniz Kompressiya layihəsi

Şahdəniz Kompressiya layihəsi

 

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.

Layihə haqqında

Şahdəniz konsorsiumu 3 iyun 2026-cı il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.
 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).
 

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

 

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

 

Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək.

 

Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

 

Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara daxildir:

  • Mövcud ŞDA və ŞDB platformalarının qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri.
  • ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti.
  • ŞDB-dən ŞDK platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti.

Bundan əlavə, layihə ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

 

Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

 

Layihənin gedişatı

İlin birinci yarısında Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləmişdir. 
 
ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam etmişdir. 
 
İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. 
 
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam etmiş, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləmiş, əsas texniki baxışlar isə tamamlanmışdır. Yüksək gərginlikli sualtı interkonnektor enerji və fiber-optik kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı başa çatmışdır.
 
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam etmişdir.