• Xəzər
  • Xəbərlər
  • Press relizlər
  • BP və Energetika Nazirliyi bərpa olunan enerji mənbələri sahəsində imkanların birgə araşdırılması üçün Anlaşma Memorandumu imzaladılar

BP və Energetika Nazirliyi bərpa olunan enerji mənbələri sahəsində imkanların birgə araşdırılması üçün Anlaşma Memorandumu imzaladılar

18 dekabr 2018

Bu gün BP və Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzaladılar.

Bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov deyib: “Ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir.  Bərpa olunan enerji sahəsinin inkişafı üçün  hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər  bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki,  BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz  bərpa olunan enerji  sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Biz ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırıq və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyirik.

Biz 20 ildən artıqdır ki, dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq.”

Redaktorlar üçün qeydlər

BP dünyanın aparıcı enerji istehsalçılarından biridir və onun fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatına yönəlib.

BP dünyada az karbonlu enerji mənbələrinə keçidlə bağlı gündəlikdə duran məsələlərin reallaşdırılmasına yardım etmək öhdəliyi götürüb və dünyanın atmosferə daha az tullantılar buraxmaql şərtilə daha çox enerji istehsal etmək səylərinə dəstək verir.
 
Bərpa olunan enerji sektorunun ilkin iştirakçılarından biri kimi “BP Alternative Energy” bu sahədə böyük təcrübəyə malikdir və bu gün o, üç platformada (bərpa olunan yanacaqlar, bərpa olunan enerji və bərpa olunan məhsullar) əhəmiyyətli portfelə sahibdir və əlavə imkanlar üzərində iş aparır.

BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.

Azərbaycanda BP şirkətində 2550 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslı işçilərinin 90 faizini təşkil edir.

BP Azərbaycandakı kəşfiyyat və hasilat əməliyyatları üzrə öhdəliklərinə sadiq qalır və bu əməliyyatlara yanaşı bərpa olunan enerji sahəsində potensial imkanların araşdırılması istiqamətində Hökumətlə birgə işləməyə hazırdır. 

Əlavə məlumat üçün BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 525 58 95