2017-ci ilin nəticələri

16 fevral 2018

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2017-ci ildə AÇG layihəsinə 456 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.

2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti  və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci ildə ratifikasiya olundu.

Hasilat

2017-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub.  

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılmışdır.

Səmt qazı

2017-ci ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilkdə isə 2,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2017-ci il ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir. 

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 283 milyon barel neft və kondensat, o cümlədən 253 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 2 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27,5 milyon standart kub metr (972 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2017-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 133 milyon dollar, əsaslı xərclərə isə 29 milyon dollar xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2017-ci il ərzində isə BTC vasitəsilə təqribən 34 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

2017-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2,88 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Hasilat

2017-ci il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

İl ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Qazma əməliyyatları

2017-ci ildə Şahdəniz 1-in Alfa platformasında SDA10 quyusu tamamlandı və istismara təhvil verildi. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

Şahdəniz 2 üzrə, İstiqlal qazma qurğusu və Maersk Explorer hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyu tamamlayıb. Şahdəniz 2-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz Mərhələ 2 layihəsi

2017-ci il Şahdəniz 2 və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub. Hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır. 

Şahdəniz 2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz 2 layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir. Xankəndi gəmisi artıq dənizdə Şahdəniz yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

2017-ci ildə Şahdəniz 2  platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırıldı. Bu qurğular təhlükəsiz şəkildə yola salındı və dənizdə quraşdırıldı, hazırda istismar sınaqları davam edir. 

Səngəçal  terminalında Şahdəniz 2 üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni Şahdəniz 2 qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq Şahdəniz 2 hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun. 

Şimal cinahında Xankəndi hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, Şahdəniz 2 platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2017-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 29 milyon dollar əməliyyat xərcləri və 784 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. 

2017-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2017-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi  yekunlaşdırma işlərinə yönəlib. 

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini  təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi  müəyyən edilmişdir. 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

İşçi heyətimiz

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir. Bundan əlavə, 265 nəfər yerli işçi mövcud layihələr sahəsində çalışır.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2017-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 5,7 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
  • BP və tərəfdaşları bu yaxınlarda “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramının icrasına başladılar. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihədə iştirak üçün seçiləcək 100 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artıracaqlar.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə Təhsil Nazirliyi ilə 2016-cı ilin sentyabr ayında başladığı yeni tərəfdaşlıq. Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasının gücləndirilməsinə dəstək olacaqlar. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində 19 yeni peşə və ixtisasın yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir. Layihədə həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da  nəzərdə tutulur.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) çox milyon-dollarlıq layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. BP və tərəfdaşları 2007-ci ilin iyun ayında başlanmış bu proqramı 2016-cı ilin noyabr ayında daha iki il uzatmaq qərarı veriblər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda açdığı Layihələri İdarəetmə Məktəbi (LİM) özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 377 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb, onlardan 52 nəfəri 2017-ci ildə proqrama qatılıblar. Proqram üzrə bütün dərslər artıq yerli mütəxəssislər tərəfindən tədris olunur. Beləliklə də layihə öz davamlılıq mərhələsinə keçib ki, bu da LİM təşəbbüsünün əsas məqsədlərindən biri idi.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzini yaratmışdır. Mərkəz ADA Universitetində fəaliyyət göstərir, lakin dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaradılmaqla onun daha geniş təsir dairəsi olacağı gözlənilir.  BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramına başlamağı da planlaşdırır. Bu da ölkənin verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyaclarının qarşılanmasına xidmət edəcək.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. 2016-cı ildə bu proqram genişləndirildi və boru kəmərləri boyunca yerləşən icmalar da daxil olmaqla çox sayda yeni icmaları da əhatə etdi. Layihənin 2-ci fazasından artıq 200-ə yaxın yerli icma nümayəndəsi faydalanaraq İT üzrə bilik və bacarıqlar qazanmış və müvafiq sertifikatlar almışlar.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildə boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş pilot layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmişdir.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 14 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Abşeron, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə pilot layihəyə başlamışdır. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Ucar, Yevlax, Samux və Şəmkir bölgələrində 200 icma üzvünü əhatə edən iki yeni gəlir imkanları yaradılması layihəsinə başlamışdır. Layihə  çərçivəsində həmin icma üzvlərinə arıçılıq və kiçik təsərrüfat avadanlığı, bu sahələrdə təlim və məsləhətlər verilməsi təmin edilmişdir. Bundan əlavə, “Şirin qızıl” adlanan arıçılıq layihəsinin BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən bölgələrdən seçiləcək daha 600 nəfər icma üzvünü əhatə etməsi də planlaşdırılır.
  • BP-nin əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

Təqdimat slaydları

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: +994 (0) 12 599 45 57